Modern.az

DTX məlumat yaydı

DTX məlumat yaydı

26 Oktyabr 2023, 19:22

Bakıda kibertəhlükəsizlik üzrə tədbir keçirilib.

 

Modern.az xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat xidməti məlumat yayıb.

 

Bildirilir ki, oktyabrın 26-da Bakı Konqres Mərkəzində kiberfestivala (“Critical Infrastructure Defence Challenge 2023”) start verilmişdir. Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Dövlət Təhlükəsizliyi Xidmətinin birgə təşkilatçılığı ilə keçirilən tədbir kiber sahə üzrə yerli və xarici şirkətləri, dövlət və özəl sektorda fəaliyyət göstərən qurumları, tələbə və ekspertləri bir araya toplayıb.

 

Tədbirin açılışında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi general-leytenant İlqar Musayev, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev, Azərbaycan Respublikası Mərkəzi Bankının sədri Taleh Kazımov, Azərbaycan Respublikasının Milli Məclisinin deputatı, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili, Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov, Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov, “Azerconnect” şirkətinin baş direktorunun müavini Dövlət Dövlətov və “BP” şirkətinin Xəzər regionunda xarici əlaqələr və kommunikasiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli çıxış ediblər.

 

Tədbir çərçivəsində Azərbaycanda ilk dəfə kiberhücumların simulyasiyası ilə virtual müharibədə dövlət qurumlarının, kritik infrastrukturların, bankların, telekommunikasiya müəssisələrinin IT üzrə 3-5 nəfər tərkibdə 20 komandası 2 gün ərzində yarışacaqlar. Tədbirin son günündə qalib komanda 30.000 manat mükafat əldə edəcək.

 

Təşkilatçılar tərəfindən tədbir günləri ərzində informasiya təhlükəsizliyi mövzusunda 10 təqdimat, 5 panel müzakirəsi, eləcə də ödənişsiz 6 fərqli sahə üzrə təlimlərin keçirilməsi nəzərdə tutulub. Bütün qonaqlar kibertəhlükəsizlik həlləri sərgisini ziyarət etmək, virtual yarışlarda iştirak edib hədiyyələr qazanmaq imkanlarına malikdirlər.

 

Qeyd edilib ki, kiberfestival dövlət qurumları, kritik infrastrukturlar, maliyyə və telekommunikasiya sektorları əməkdaşlarının informasiya təhlükəsizliyi üzrə təcrübə, bilik və bacarıqlarının təkmilləşdirilməsi, dövlət və özəl sektorlararası şəbəkələşmənin və koordinasiyanın gücləndirilməsi məqsədilə təşkil olunub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bu kəndlər də qaytarılır: Ermənilər dəhlizin inşasına başladılar